Azadsöz.az xəbər verir ki, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qayda siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.
Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakılardan ibarətdir:
– maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);
– maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə);
– əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Yuxarıda nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.
Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.
Qaydaya əsasən, siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:
– qeyri-maddi aktivlər;
– torpaq, tikili və avadanlıqlar;
– daşınmaz əmlaka investisiyalar;
– uzunmüddətli debitor borcları;
– sair uzunmüddətli aktivlər;
– ehtiyatlar;
– qısamüddətli debitor borcları;
– pul vəsaitləri və onların ekvivalentləri;
– sair qısamüddətli aktivlər;
– ehtiyat fondu;
– bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);
– uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;
– uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
– uzunmüddətli kreditor borcları;
– sair uzunmüddətli öhdəliklər;
– qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;
– qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
– vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
– qısamüddətli kreditor borcları;
– sair qısamüddətli öhdəliklər.
Siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:
– gəlirlər, o cümlədən:
üzvlük haqqı;
ianə;
dövlət maliyyə yardımı;
– çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
– ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
– mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
– hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
– qanunla qadağan olmayan digər gəlirlər;
– xərclər, o cümlədən:
cari işlərə sərf olunan vəsait;
siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;
ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
yerli (aşağı) təşkilatlara ödənişlər;
kreditlər üzrə faizlər;
fərdi xərclər;
sair xərclər;
ümumi mənfəət (zərər).
Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə aşağıdakı məlumatlar daxil edilir:
– siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı), habelə hesabat dövrü ərzində işçilərinin orta sayı barədə məlumatlar;
– maliyyə hesabatının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar (maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar);
– maliyyə vəziyyəti haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
– uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölmələri üzrə;
– hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna aktivlərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
– xalis aktivlər (kapital) bölmələri üzrə;
– hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna xalis aktivlərin (kapitalın) dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
– uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəliklər bölmələri üzrə;
– hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna öhdəliklərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar.
Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
– hesabat dövrü və əvvəlki dövr ərzində əldə edilmiş gəlirlərlə əlaqədar ayrı-ayrılıqda gəlir növləri və məbləğləri barədə məlumatlar;
– hesabat dövrü və əvvəlki dövr ərzində xərclənmiş məbləğlərlə əlaqədar ayrı-ayrılıqda xərc istiqamətləri və məbləğləri barədə məlumatlar.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə-təsərrüfat fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.