08 Sentyabr 2024 03:57

Surət Hüseynov komaya düşdü – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Surət Hüseynov komaya düşüb.

Bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları bildiriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Surət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.


***
14:00

Azadsöz.az xəbər verir ki, Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Bu  barədə gununsesi.info-ya onun yaxınları məlumat verib. 

Bildirilir ki, Surət Hüseynov Moldovadan İstanbula gedən təyyarədə dünyasını dəyişib. O, təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, Azərbaycan Respublikasının baş naziri (1993-1994), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989-1991), baş nazirin müavini (1993), Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.

Surət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.