Azadsöz.az xəbər verir ki, Emmanuel Makronun siyasi simasının olmadığı onsuz da dünyaya çoxdan bəlli idi.
30 illik işğala son qoyulandan sonra bir sıra dövlət və təşkilatlar postmünaqişə dövrünə bu və ya digər formada dəstək olmaq və bağlanacaq yekun sülh müqaviləsinə töhfə verməyə çalışdıqları bir vaxtda Fransa prezidentindən fərqli qərarlar görmək artıq adətkar hal alıb. Fransa hakimiyyətinin Makron timsalında ciddi pozuculuq fəaliyyəti bu gün özünü bütün çılpaqlıqları ilə nümayiş etdirir.
Tarixin zibil qutusuna atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa keçmiş münaqişənin həlli istiqamətində də ötən 30 ilə yaxın dövrdə heç bir ciddi təşəbbüslə çıxış etmədiyi, əksinə “status-kvonun” qorunması üçün fəallığı ilə yadda qaldı.
Fransa dövlətinin genetik kodlarını təşkil edən islamafobiya, irqçilik, müstəmləkəçilik kimi anlayışlara Azərbaycanfobiyanı da əlavə etsək, bunu elə Emanuel Makronun da adı ilə bağlaya bilərik. Fransa dövləti başda Fransa tarixinin ən uğursuz prezidenti olan Emmanuel Makron olmaqla bütövlükdə ölkəmizə qarşı hücuma keçdiyi bu günkü gün heç kimə sirr deyil. Mütəmadi olaraq Azərbaycana qarşı əsassız bəyənatlar səsləndirilir, sənədlər qəbul olunur və bununla da sanki ölkəmizə nə isə diqtə olunmağa çalışır. Amma başda Makron olmaqla bütün fransız siyasətçilər çox yaxşı bilirlər ki, nə Azərbaycan dövlətinə, nə də Azərbaycan xalqına heç nə diqtə etmək mümkün deyil.
Ən gülməlisi orasındadır ki, bütövlükdə sülh prosesinə ciddi təhlükə yaradan Fransanın mövcud pozuculuq fəaliyyəti nə qədər artsa da, bu fəaliyyət bumeranq şəklində elə Emanuel Makronun özünə qayıdır. Belə ki, Fransa tarixinin ən yaramaz və naşı siyasətçisinin adı bu dəfə işbazlıqda, biznes fəaliyyəti ilə bağlı gizli sövdələşmədə hallanır. Bütün bu barədə məlumatlar isə elə Makronun rəhbəri olduğu ölkənin media strukturlarında yayıldı.
Məlum oldu ki, “Uber” şirkəti Fransa bazarına daxil olmağa çalışarkən Fransua Hollandın kabinetində iqtisadiyyat naziri vəzifəsini tutan indiki prezident Emmanuel Makronla gizli razılaşma əsasında müxtəlif imtiyazlar əldə edib. Belə ki, Makron Silikon vadisi şirkətinə taksi xidməti göstərməsi üçün lazım olan lisenziyanın əldə edilməsini sadələşdirib, nəticədə bazarda “Uber”in lehinə haqsız rəqabət yaranıb. ABŞ şirkətinin həmçinin bu gizli sövdələşmə hesabına taksilərlə ədalətsiz rəqabətə girdiyi, hüquqi tələblərə məhəl qoymadığı və ölkənin ictimai qərar qəbulu orqanlarında aqressiv lobbiçiliklə məşğul olduğu üzə çıxarılıb.
Parlament komitəsinin təhqiqatları komitənin 6 ay öncə, “Uber” şirkətinin keçmiş lobbiçisi Mar McQann tərəfindən Britaniyanın “Guardian” qəzetinə “Uber faylları” kimi tanınan 124 min daxili sənədin sızdırılmasından sonra başladılıb. “Uber” şirkətinin 2014-2017-ci illərdə Fransadakı fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə başladılmış komitə təhqiqatı zamanı iki keçmiş Baş nazir Berdard Kaznev və Manuel Valls, həmçinin “Uber”in keçmiş icraçı direktorları da dindirilib.
Komitənin 20 üzvü hesabatı təsdiqləyib, lakin Makronun öz partiyasından və müttəfiqlərindən olan üzvlər bitərəf qalıblar. Emmanuel Makronla “Uber” arasındakı bu gizli əlaqələrin ortaya çıxması Fransada növbəti dəfə prezidentə olan etimadı sarsıdıb, onun əvvəldən yarıtmaz olan bütün fəaliyyətini şübhə altında qoyub.
Artıq dünya mətbuatında böyük maraq doğuran “Uber faylları” Makronun siyasi kimliyini təyin etməkdə növbəti ipucu rolunu oynaya bilər. Fransa prezidentinin hələ iqtisadiyyat naziri olduğu dövrdə “Uber” taksi xidməti ilə qurduğu gizli və yaxın əlaqələr sayəsində bu şirkətin Fransa qanunlarını pozaraq öz təsir dairəsini genişlətməsinə göz yumması, əslində, bir lider üçün olduqca ağır və arzuolunmaz vəziyyətdir.
Bu faktlar da bir daha təsdiq edir ki, “dələduz” istənilən sahədə dələduzluq fəaliyyəti ilə məşğul olacaq və ondan hər hansı bir ədalətlilik, düzgünlük gözləmək əbəsdir. Odur ki, vaxtı ilə iqtisadiyyat naziri vəzifəsini tutan indiki prezident Emmanuel Makron o postda nə idisə, bu gün də eyni “personajdır”.