08 Sentyabr 2024 06:57

Cari ilin ilk altı ayı səmərəli keçib

Azadsöz.az xəbər verir ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Azərbaycan regionun lider dövləti kimi həm iqtisadi, həm də siyasi baxımdan hər zaman diqqət mərkəzindədir.Bu gün dövlətimizin və onun rəhbərinin yürütdüyü daxili və xarici siyasət kursu, verilən mesajlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, eyni zamanda bir çox beynəlxalq analitik mərkəzlərdə də təhlil olunur.Bu baxımdan 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər,verdiyi mesajlar, həmçinin bir sıra aktual və mühüm mövzuların müzakirəsi  böyük maraq doğurdu.

Müşavirədə çıxış edən ölkə rəhbəri bir sıra mühüm məsələlərə toxundu, vacib fikirlər səsləndirdi. Şübhəsiz ki, bu sırada cənab Prezidentin nitqində yer alan əsas mövzular hər zaman olduğu kimi ölkəmizin sosial-iqtisadi inkişafı, ordu qurulucuğu, böyük qayıdış prosesinin davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər kimi xüsusi strateji əhəmiyyətli məsələlərlə bərabər enerji sektorunda baş verən yeniliklərlə bağlı oldu. O cümlədən son günlərdə ölkə daxilində qeydə alınan bəzi hadisələrə münasibətdə ölkə başçısının çıxışında öz əksini tapdı.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı hər zaman olduğu kimi sistemliliyi və dövlətimizin daxili, güclü geosiyasi mövqeyinin vəhdətini ifadə etmək baxımdan yüksək dəyər daşıyırdı.

İlk öncə qeyd etmək lazımdır ki, hazırda bütün dünyada postpandemiya iqtisadi dövrü xüsusi iqtisadi bərpa mərhələsi kimi səciyyələndirilir. Bu konteksdə Azərbaycanın qısa müddətdə olduqca yaxşı nailiyyətlər əldə etməsi ölkə başçısının yürütdüyü düşünülmüş siyasətin nəticəsidir.

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin daha da sürətləndirilməsi bu nailiyyətlərə mühüm töhfə verib. Büdcəyə yenidən baxılması, əlavə gəlirlərin ordu quruculuğu, böyük qayıdışın təmin edilməsi kimi strateji istiqamətlərə yönləndirilməsi ölkə rəhbərinin diqqət mərkəzində saxladığı pirioritet məsələlərdəndir. Ordu təminatı və təchizatı, yeni kadr komplektləşməsinin həyata keçirilməsi hazırki mürəkkəb tarixi mərhələdə milli təhlükəsizliyimizin təmin edilməsi baxımından ən aktual istiqamətdir.

Cənab Prezidentin ordu quruculuğu mövzusuna toxunduğu məqamlarda qeyd edildiyi kimi Azərbaycan daima öz hərbi-siyasi hazırlığını ən yüksək səviyyədə qorumağı bacarmalıdır.

“Biz bilirik ki, vaxtaşırı bəzi daxili və xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Elə bu yaxınlarda Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələri də öz təbii məqsədlərindən çıxarıb bundan istifadə etməyə başladılar. Azərbaycan polisinin asayişi qorumaq vəzifəsini yerinə yetirməsini polisimizə qarşı qarayaxma kampaniyasına çevirmək istədilər. Ancaq bunların heç biri baş tutmadı.”

Prezident bu məsələ tam açıq və obyektiv mövqe göstərərək hadisənin təbii səbəblərini açıqladı, istənilən xarici şirkətin ölkəmizə investisiya qoymasının və iş yerlərinin yaradılmasının mübət hal olduğunu qeyd etməklə yanaşı, təbiətimizə ziyan vurulmasının yolverilməz olduğunu sərt şəkildə ifadə etdi. Bu məsələdə də vətəndaşın maraqlarını üstün tutan dövlət başçısı örüş və otlaq sahələrinin zəbt edilməsini, heç kimdən icazə almadan ikinci tullantı gölünün yaradılmasının qəbuledilməz olduğunu bildirdi. Bununla bərabər vətəndaşların da etirazı qanun çərçivəsində olmalıdır.

Söyüdlü hadisəsinin dövlətimizə qarşı yönəltmək istəyən qüvvələrə sərt mesaj ünvanlayan ölkə başçısı kiminsə nazı ilə oynanılmayacağını və günahkarların cəzalandırılacağını da qeyd etdi.

Dövlətimizin başçısı xarici siyasət məsələləri, ölkəmizin beynəlxalq arenada tutduğu mövqe ilə bağlı fikirlərini də müşavirədə çıxışı zamanı bir daha açıq şəkildə ifadə etdi.Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyini, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamağın lüzumsuzluğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan dövlətinin hər zaman sülhün və ədalətin tərəfdarı olduğunu bildirdi.Cənab prezident çıxışında eyni zamanda şər qüvvələrə də yerini göstərərək xaos və zəif idarəçilik dönəminin 1993-cü ildə ölkəmizdə başa çatdığı mesajını verdi və bu gün Aərbaycan Respublikasının həm daxili, həm də xarici siyasəti ilə hər kəsin hesablaşmalı olduğu gücə çevrildiyini bildirdi.

Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar ,gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə bziə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik. Bunu artıq hər kəs görür,görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu,ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaqdır.

Beləliklə, İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə dövlətimizin inkişaf və qüdrətinin daha bir təntənəsi kimi yadda qaldı.

Bir sözlə, 20203-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu bütün məqsəd və hədəflərə ən qısa vaxtda nail olacaq və daha böyük zirvələri fəth edəcəkdir.