16 Sentyabr 2024 23:44

Göyçayda 02 iyul – Polis işçilərinin peşə bayramı qeyd edilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə rayon Polis Şöbəsinin inzibati binasında tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, rayon Prokuroru Ramin Hüseynov və Polis şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Göyçay Rayon Polis şöbəsinin inzibati binasında davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, xalqımızın milli maraq və mənafelərinin, ölkə daxilində ictimai təhlükəsizliyin və əmin-amanlığın, insanların hüquq və azadlığının qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.

Rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev şəxsi heyətə peşə bayramı günü münasibəti ilə cənab nazirin təbrikini çatdıraraq dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Sonra Milli Məclisin deputatı Sabir Hacıyev və rayon Prokuroru Ramin Hüseynov çıxış edərək 2 iyul – Azərbaycan polisi günü münasibəti ilə polis əməkdaşlarını təbrik edib və bu günün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin polis orqanlarının inkişafındakı əvəzsiz rolunu vurğulayıblar, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs ediblər.