Azadsöz.az xəbər verir ki, ötən gün vəfat edən Göyçay rayonunun Çərəcə kənd sakini 44 günlük Vətən müharibəsində şəhid olan Paşa Salmanovun atası Həkim Salmanovla vida mərasimi keçirilib.
Dəfn mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər.
Evində cənazə namazı qılınıb, Həkim Salmanovun ruhuna dualar oxunub və izdiham içində kənd qəbirstanlığında şəhid oğlunun məzarı yanında torpağa tapşırılıb.
Vida mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.
Daha sonra ehsan süfrəsi verilib.
Məlumat üçün bildirək ki, şəhid Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.Oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alır. 52 gündən sonra həkimlərin səyinə baxmayaraq dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib.6 dekabr 2020 ci ildə doğulduğu Göyçay rayon Çərəcə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Salmanov Paşa Həkim oğlu ölümündən sonra “Cəsur döyüşçü” , “Vətən uğrunda” medalları ilə təltif edilib.