Azadsöz.az xəbər verir ki, Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kristal Zalında keçirilən mərasimdə iştirak edib.
Açılış mərasimi iştirakçı ölkələrin və Dünya Taekvondosunun bayraqlarının arenaya gətirilməsi ilə başlayıb. Hakimlər və idmançılar and içdikdən sonra söz Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çuya verilib.
O bildirib ki, yenidən Bakıda olmaqdan və burada dünya çempionatının keçirilməsindən çox məmnundur: “Taekvondonun evinə qayıtmaq xoşdur. Azərbaycan bir çox yarışlara ev sahibliyi edib, burada parataekvondo üzrə ilk mötəbər yarış təşkil olunub. Sonradan bu idman növü Paralimpiadaya salınıb. Azərbaycan idmançıları beynəlxalq yarışlarda yaxşı nəticələr göstəriblər. Bütün bunlar ölkə prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsindədir”.
WT prezidenti 10 il öncə Azərbaycan Prezidenti İlham Əliyevə fəxri medal təqdim edildiyini, bu gün isə fəxri medalın Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bunu verməkdən məmnunluq duyduğunu vurğulayıb.
Ardınca Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video-müraciəti olub. O, taekvondonun Olimpiya ailəsində xüsusi yeri olduğunu deyərək, iştirakçılara uğurlar arzulayıb.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov idmanın bu növünün Azərbaycanda populyarlığı və kütləviləşməsi barədə danışıb. O bildirib ki, milli üzləri artıq zirvələri fəth edirlər və gənclərdə taekvondoya maraq yaranır: “Ölkəmizdə hər bir sahədə olduğu kimi, idmanda da inkişaf 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uğurunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə 50-yə yaxın olimpiya idman kompleksi inşa edilib. Bunun nəticəsində Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib, idmançılarımız beynəlxalq arenada uğur qazanırlar. Ötən illər ərzində ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, mötəbər yarışlar, o cümlədən I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları təşkil olunub. Bu dəfə də taekvondo üzrə dünya çempionatı bizə həvalə edilib”.
Kamaləddin Heydərov Dünya Taekvondosunun 50 illiyik yubiley tədbirini və dünya çempionatını Azərbaycana həvalə etdiyi üçün doktor Çunqvon Çuya təşəkkür edib: “Çempionatda həm ölkə, həm də iştirakçı sayında rekord qeydə alınıb. Əminəm ki, bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə taekvondonun daha da inkişafına təkan verəcək”.
O daha sonra yarış iştirakçılarına uğurlar arzulayıb.
Ardınca gənclər və idman naziri Fərid Qayıbov dünya çempionatını açıq elan edib.
Bundan sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı videoçarx nümayiş etdirilib. Burada ulu öndərin idmana göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edə ki, iyunun 4-də başa çatacaq mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.
Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Cavad Ağayev (68 kq) isə bu gün dayanq üzərinə çıxıb və 1/16 finalda mübarizəni dayandırıb.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.