Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti son günlər sosial şəbəkələr üzərindən şikayət məktubu və videomüraciət yayan 44 günlük Vətən müharibəsinin iştirakçısı Araz Axundovun səsləndirdiyi iddialarına aydınlıq gətirib.
Bildirilib ki, Araz Axundov dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edilib və dinlənilib.
Bu barədə Göyçay Rayon İcra Hakimiyyətindən verilən məlumatda qeyd olunur.
Məlumata görə, Vətən müharibəsi iştirakçısı müalicəsi üçün dərman vasitələrinin alınması, ərzaq yardımı edilməsi və maddi yardımla bağlı ayrı-ayrı vaxtlarda müraciət edib, müraciətləri nəzərə alınaraq ümumilikdə Rayon İcra Hakimiyyəti tərəfindən ona 1158 manat məbləğində maddi yardım göstərilib.
“2022-ci ildə tarixdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional bölməsinin Göyçay rayon xidməti şöbəsində “özünüməşğulluq” proqramına cəlb edilərək məşğulluğunu təmin etmək məqsədilə qapı və pəncərə düzəltmək üçün dəzgahla təmin olunub, lakin sonradan həmin dəzgahı özü satdığını etiraf edib.
Bu il mayın 18-də A.Axundov Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən dərman vasitələri ilə təmin olunması üçün köməklik göstərilməsini istəyib, xəstəxana tərəfindən ona lazımı köməkliyin olunacağı bildirilib.
Odur ki, A.Axundovun Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir” – deyə Göyçay RİH-in məlumatında qeyd olunub.
Qeyd edək ki, A.Axundov sosial şəbəkələr üzərindən şikayət məktubu və videomüraciət yayıb.