Azadsöz.az xəbər verir ki, Göyçay rayonun mərkəzində və kəndlərində içməli suya və ictimai bulaqlara qanunsuz qoşulmaların qarşısı alınır.
Bununla bağlı olaraq «Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşlarının araşdırmaları nəticəsində Göyçay rayonunun Ərəbcəbirli kəndində 37 ictimai bulağa qanunsuz qoşulma halları aşkar edilib.
Aparılan yoxlamalar zamanı ictimai bulaqlara müxtəlif ölçülü plastik borular vasitəsi ilə qanunsuz qoşularaq uçotsuz və sayğacdankənar istifadə olunduğu məlum olub. Dərhal qurumun əməkdaşları tərəfindən özbaşına qoşulmalar ləğv edilib.
Qeyd edək ki, rayonun mərkəzi küçələrində, kəndlərində içməli sudan və ictimai bulaqlardan qanunsuz istifadə edən vətəndaşlara qarşı tədbirlər mütamadi olaraq davam etdiriləcək, özbaşına çəkilmiş xətlərin qoşulmaların qarşısı alınacaq.Bu cür halların təkrarlandığı təqdirdə qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət olunacaq.