Azadsöz.az xəbər verir ki, 19 aprel 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Alıkənd kəndində növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək bildirib ki, Prezident İlham Əliyev icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.İcra başçısı çıxışında Alıkənd kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə, görülən və həmçinin görüləcək işlərə toxunub.
Daha sonra Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Namizəd Məmmədov kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə kənd sakinləri istifadə müddətin başa vurmuş elektrik dirəklərinin yenisi ilə əvəz olunması, dayanacaq məntəqəsinin mövcud olmaması, internet xidmətinin zəif olması, qaz təchizatının verilişində fasilələrin yaranması, işsizlik və digər məsələlərlə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.