Azadsöz.az xəbər verir ki, ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da xoş əhval–ruhiyyə, könül xoşluğu ilə keçirilib.
Göyçay Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay şəhər stadionunda təşkil olunan Novruz bayramı tədbirində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, idarə, müəssisə və təşkilatlarların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra bayram tədbiri Göyçay şəhər stadionunda davam edib. Rayonda fəaliyyət göstərən sahibkarların, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin və məktəblərin bayram tədbiri ilə əlaqədar təşkil etdikləri sərgiyə baxış keçirilib, hazırlanmış təamlardan dadılıb.Şəhər stadionu boyunca çıxış edən idmançıların və kəndirbazların hazırladıqları nömrələr maraqla qarşılanıb.
Rayon rəhbəri Natiq Ağayev bayram tonqalını alovlandırıb.
Ümumrayon tədbirində çıxış edən icra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. İcra başçısı bildirib ki, illər öncə hər zaman arzu edirdik ki, gün gəlsin Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bəli, bu gün həmin arzumuz gerçək olub. Artıq 3 ildir ki, xalqımız Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, azad olunmuş torpaqlarımızda, doğma Qarabağda, Şuşada bayram şənlikləri keçirilir, bayram tonqalları alovlandırılır. Rayon rəhbəri milli bayramımız olan Novruzun təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda da yüksək səviyyədə qeyd olunduğunu söyləyib. İcra başçısı Novruzu belə yüksək səviyyədə, bayram əhval-ruhiyyəsində qeyd etdiyimizə görə, eləcə də üzərində gəzdiyimiz torpağa görə şəhidlərimizə borclu olduğumuzu vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib.
Bayram tədbirində Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, şəhid atası Hüseyn Hüseynov çıxış edərək milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon sakinlərini və çoxsaylı qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıblar.30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda bu gün bayram tonqallarının yandırıldığını bildiriblər.
Sonra tədbir Rayon Mədəniyyət Mərkəzinin hazırladığı proqram əsasında novruz personajları olan kosa və keçəlin şən zarafatları dinlənilib, ədəbi-bədii səhnəciklərinə tamaşa edilib.Eləcə də bir-birini əvəz edən rəngarəng musiqi nömrələri və balacaların rəqsləri təqdim edilib.