Azadsöz.az xəbər verir ki, 44  günlük  Vətən  müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini  Maarif Rahim oğlu Həsənovun ailəsinin yaşadığı ev Göyçay  rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir olunub. 

Təmir işləri şəhidimizin  anası Nəzakət Həsənovanın mənzilinin yaxşılaşdırılması məqsədi ilə bu ilin oktyabrında rayon icra hakimiyyətinə etdiyi müraciəti əsasında aparılıb.

Aparılan  əsaslı  təmir  əsasında  şəhidimizin  həyat və döyüş fəaliyyətini əks etdirən guşə otağı  dar  olduğundan genişləndirilib.Bununla  yanaşı mənzilin  digər  iki  otağının  döşəmə və tavanı dəyişdirilib, divarlarına divar  kağızı  vurulub.

Şəhidin anası  Nəzakət Həsənova evin əsaslı təmirində zəhməti olan  Göyçay  rayon İcra Hakimiyyətinə və hər kəsə  ailəsi adından təşəkkürünü  bildirib.

Bildirək ki, Göyçay rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək  ki, Maarif Rahim oğlu Həsənov 1999-cu il` noyabrın 19-da Göyçay rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə  yollanıb. Ağdərə və Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə iştirak  edib.12 oktyabr 2020-ci ildə öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, şəhid olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Maarif  Həsənov  17 noyabr 2020-ci ildə Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Maarif Həsənov  ölümündən  sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları  ilə  təltif edilib.

Xatırladaq  ki, Göyçayda küçələrdən birinə  şəhid Maarif Həsənovun adı  verilib.Bununla  yanaşı  adına  xatirə  bulağı  tikilib.