Azadsöz.az xəbər verir ki, Xalq artisti Qurban İsmayılov “Tallinn Black Nights” Film Festivalında (PÖFF) “Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub.
Xalq artisti “Mərmər soyuğu” filmindəki roluna görə festivalda mükafata layiq görülüb. Bu barədə sosial şəbəkədə layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat yayıb.
Xatırladaq ki, Asif Rüstəmovun rejissorluğu ilə lentı alınan ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən danışır. Uzun müddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
“Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.