Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Fərid Mövsümovun ikinci ildönümüdür. Fərid Zakir oğlu Mövsümov 19 sentyabr 1987-ci ildə Göyçay şəhərində anadan olub.1993-cü ildə Göyçay rayon 3 saylı tam orta məktəbə gedib və rus-dili bölməsində oxuyub.Milliyətcə ləzgidir.Şəhidimizin atası Mövsümov Zakir Qaflan oğlu polis baş leytenant, anası Süleymanova Rəfiqə Əlibala qızı isə müəllimə olub.Şəhidimizin anası 2008-ci ildə, atası isə 2010-cu ildə xərçəng xəstəliyindən dünyasın dəyişib.Fərid Mövsümovun özündən savayı bir qardaş və bir bacısı var.Qardaşı Zaur Mövsümov Yol quruculuğunda, bacısı Sevda Mövsümova isə Qazaxıstanda həkim vəzifəsində çalışır.
Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq döyüşə yollanıb.Füzuli rayonunun Qaraxanbəyli, Üçbulaq kəndlərində gedən döyüşlərdə iştirak edib.Oktyabrın 30-da şəhid olub.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Xatırladaq ki, Göyçayda küçələrdən birinə Fərid Mövsümovun adı verilib.Təhsil aldığı Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin qarşısına barelyefi vurulub.Sinif otaqlarının birinə şəhidimizin adı verilib.