Azadsöz.az xəbər verir ki, qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Azər Əliyevin bu gün ikinci ildönümüdür. Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub.2008-2019-cu illərdə Kürdşaban kənd tam orta məktəbdə təhsil alıb.Orta məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub.Həqiqi hərbi xidmət vaxtı çatdığı üçün təhsilini yarıda qoyaraq, hərbi xidmətə yollanıb.Hərbi xidmət zamanı tank peşəsinə yiyələnib.
Azər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib. Hərbi xidmətdə tankçı olub. 30 oktyabrda Füzuli rayonu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Göyçay rayonu Kürdşaban kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzuli rayonunun azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.