Azadsöz.az xəbər verir ki, Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin 1-ci sinfinə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elvin Nizami oğlu Mikayılovun adının verilməsi bağlı tədbir keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə, təşkilatların rəhbərləri, müəllim və şagird kollektivi, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zivər Zeynalova şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.Bildirdi ki, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində qazandığımız Qələbəni bizlərə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 44 günlük Vətən müharibəsində 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Qalib ölkənin vətəndaşı olaraq bu gün də Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayır, bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq.
Daha sonra digərləri çıxış edərək, Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Elvin Mikayılovun da Azərbaycan xalqının, göyçaylıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıblar.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonra tədbir iştirakçıları məktəbə daxil olaraq sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə, həmçinin otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşəyə baxış keçiriblər.Şəhidimizlə bağlı videoçarxa baxıblar.
Qeyd edək ki, Elvin Nizami oğlu Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub.1993- 2004-cü illərdə Göyçay rayonu Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb.2004-2006-cı illərdə Həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən Müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 26-da Ağdərə-Murov istiqamətində döyüşən zaman başından aldığı qəlpə yarasından şəhid olub.Göyçay rayonu Alpout kəndində dəfn olunub.
Prezident İlham Əliyevin 15.12.2020-ci il, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.