Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntizam Əkbər oğlu Qaçayevin ikinci ildönümü 2-ci Ərəbcəbirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə, təşkilatların rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan İntizam və onun kimi igid oğulların döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin heç zaman unudulmayacağını, daim xatırlanacağını qeyd edib. Xalq olaraq əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Göyçayda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.
Daha sonra digər natiqlər çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonra tədbir şəhidimizin məzunu olduğu 2-ci Ərəbcəbirli kənd tam orta məktəbdə davam edib.Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə, həmçinin otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, İntizam Əkbər oğlu Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.2008-ci ildə Ceyhun İbrahimov adına 2-ci Ərəbcəbirli kənd ümumi orta məktəbinin birinci sinifinə getmişdir. 2017-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 2020-ci il yanvarın 8-də həqiqi hərbi xidmətə yollanıb.
2020-ci il yanvarın 8-də həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Ağcabədi şəhər N saylı hərbi hissəsində keçmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı döyüşlərində iştirak edib. Manqa komandiri olub.Oktyabrın 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə” “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.