Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Ülvi Valeh oğlu Ağayevin ikinci ildönümü Göyçay rayonunun Şahsoltanlı kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, dindarlar, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Ülvi kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr etidyini və qürur duyduğunu diqqətə çatdırıb.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.
Daha sonra digər natiqlər çıxış edərək Ülvi Ağayevin qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonra tədbir şəhidimizin məzunu olduğu Şahsoltanlı kənd tam orta məktəbdə davam edib. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.Məktəbin Ülvi Ağayev adlandırılan sinfinə keçərək qəhrəmanımızla bağlı xatirələrini bölüşüblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.