Azadsöz.az xəbər verir ki, 17 oktyabr 2022-ci il tarixindən Göyçay Gənclər Evinin akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində maarifləndirici təlimi keçirilmişdir.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zivər Zeynalova, “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, “Yeni Həyat” humanitar və sosial dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Ədliyyə Nazirliyinin Akademiyasında professor Mətanət Əsgərova, KİV nümayəndələri Səbuhi Eltonlu, Gülşən Muradova, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllim və tələbə kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zivər Zeynalova bildirib ki, təlim aktual bir problemə müasir ailə modelinin təbliğinə həsr olunmuşdur.
Birliyin sədri Samirə Mustafayeva çıxış edərək göstərdi ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl milli adət -ənənələrimizlə tərbiyə olunmalıdır.
Sonra layihənin eksperti Nailə İsmayılova çıxış edərək layihənin uğurla icra olunması ilə bağlı təlim iştirakçılarına məlumat verdi. Təlimçi Əsgərova Mətanət müasir ailə modellərinin növləri və formaları haqqında, onları fərqləndirən xüsusiyyətlər haqqında məlumat verdi.
Təlimin gedişində iştirakçıların sualları cavablandırıldı, müasir ailə modeli ilə bağlı bir sıra məsələlər müzakirə olundu.
Sonda çay süfrəsi arxasında müzakirələr davam edib.