Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Hacalıkənd sakini 44 günlük Vətən Müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Əliyev Aslan Elman oğlunun xatirəsinə sözügedən kənddə ucaldılan fotolövhənin üzərinə Azərbaycan və Türkiyənin dövlət bayraqlarının asılması mərasimi keçirilib.
Mərasimdə Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Nicat Mahmudov, Göyçay Bayraq Muzeyinin rəhbəri Aqil İbrahimov, Göyça Rayon İcra Hakimiyyətinin mətbuat nümayəndələri Səbuhi Eltonlu, Gülşən Muradova, şəhidimizin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhidimizin anası Lalə Əliyeva və şəhidimiz Qismət Yolçu oğlu Qasımovun anası Zümrüd Qasımova hər iki ölkənin bayrağını asıb.
Qeyd edək ki, Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.Noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.Doğulduğu kənddə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.