Azadsöz.az xəbər verir ki, 23 sentyabrda Göyçay Rayon Mərkəzi Xəstəxanasının rəhbər şəxsləri, həkimlər və tibb işçiləri sentyabrın 14-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Şəkər kənd sakini Elnur Məhərrəmovun məzarını və ailə üzvlərini ziyarət ediblər. Səhiyyə işçiləri şəhidin valideynlərini müayinə edib, onlara tibbi yardım göstəriblər.
Bildirək ki, şəhidin anası və bacısı Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilərək daha yüksək müayinə və müalicələrə cəlb olunacaq, ehtiyac olarsa Bakı şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.
Həmçinin, bu gün Göyçayın həkimləri Şəkər kəndindəki tibb məntəqəsində yerli vətəndaşların müayinəsini həyata keçiriblər. İcra nümayəndəsi və bələdiyyə sədri rayonun tanınmış tibb işçilərinin kəndə gələcəyi barədə əhaliyə əvvəlcədən məlumat verib, çoxlu sayda vətəndaş tibbi müayinələrdən keçib.
Həkim məsləhəti ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəvət olunan bir neçə pasiyent müasir tibbi avadanlıqlar vasitəsilə müayinə olunaraq müalicəyə cəlb ediləcək.