Azadsöz.az xəbər verir ki, 22 sentyabr 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazaraq şəhid olan İlqar Rəhim oğlu Nəbiyevin ad günündə xatirəsinə inşa edilmiş bulaq kompleksinin Çərəkə kəndində açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Çərəkə kəndində Şəhidlər Xiyabanını ziyarət edərək Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman hərbçilərimizin məzarları üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Daha sonra tədbir bulaq kompleksinin qarşısında davam edib. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən başçısının müavini Ədalət Dövlətov şəhidin ailəsinə baş sağlığı verib. Bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb.
Mərasimdə çıxış edənlər şəhid İlqar Nəbiyevin keçdiyi döyüş yolundan söz açıblar.Bildiriblər ki, Birinci Qarabağ müharibəsində şəhid olan İ.Nəbiyev kimi igidlərin qisası 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, ordumuzun gücü sayəsində 30 ilin nisgilinə son qoyuldu.İşğal altında olan torpaqlarımız azad olunaraq tarixi zəfər qazanıldı, şəhidlərimizin qisası alındı.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, şəhid İlqar Rəhim oğlu Nəbiyev 1975-ci il sentyabrın 22-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub.1993- cü il oktyabrın 25-də Həqiqi hərbi xidmətə çağırılıb.1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.