07 May 2024 05:18

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda şəhid Elnur Məhərrəmov dəfn olundu-FOTO

Azadsöz.az xəbər  verir  ki,  sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Sentyabrın 14-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan 2001-ci il təvəllüdlü, Məhərrəmov Elnur Nərbala oğlunun Göyçay rayonunun Şəkər kəndində dəfn mərasimi keçirilib.

Dəfn mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

Şəkər kənd qəbirstanlığına şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar.


Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.


Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib.Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını bildirib. Rayon rəhbəri Elnur Məhərrəmovun  sentyabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyini, şücaəti ilə adını tarixə yazdığını qeyd edib.

Ruhuna dua oxunduqdan sonra şəhid Məhərrəmov Elnur Nərbala oğlunun nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.