Azadsöz.az xəbər verir ki, 16 avqustda Göyçay rayon icra hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev növbəti dəfə vətəndaşları qəbul edib.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Keçirilən qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Müraciət edən vətəndaşlar onlara maddi yardım, məşğulluq və işlə təmin olunma, sağlamlıq məhdudiyyətinə görə əlillik dərəcəsinin təyin edilməsi, torpaq payının verilməsi üçün köməklik göstərilməsini bildiriblər.
Hər bir vətəndaşı dinləyən rayon rəhbəri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.