17 May 2024 15:59

UEFA Azərbaycan millisinə görə klublara pul ödəyəcək

Azadsöz.az  qurumun saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi 2024-cü ilə qədər futbolçularının milli komandaların turnirlərində iştirakını təmin edəcək klublar arasında vəsaitin bölüşdürülməsi meyarlarını təsdiqləyib.

Bununla bağlı 240 milyon avro ayrılacaq. Bu proqram Millətlər Liqasının oyunlarını, “Avro-2024”ün seçmə və final mərhələlərini əhatə edəcək. Beləliklə bölgü sistemi “Avro-2020” ilə müqayisədə faktiki olaraq dəyişməz qalacaq.

Futbolçuların Millətlər Liqasının 2020/21 və 2022/23 mövsümlərində, eləcə də “Avro-2024”ün seçmə oyunlarında iştirakına görə klublara 100 milyon avro ödəniləcək. Bu, “Avro-2020” ilə müqayisədə 30 milyon avro çoxdur.

“Avro-2024”ün final mərhələsində iştirak edəcək futbolçuların klublarına isə 140 milyon avro ödəniləcək. Bu, əvvəlki turnirlə müqayisədə 10 milyon avro çoxdur.

Qeyd edək ki, UEFA sonuncu dəfə bütün 55 assosiasiyadan 697 kluba 200 milyon avro ödəyib. Onların arasında Azərbaycan klubları da var.