Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Yuxarı Öysüzlü və Dondar Quşçu kəndlərində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.