Azadsöz.az xəbər verir ki, artıq bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.
Ötən gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Vahid İsayevdən sonra daha bir səlahiyyətli şəxs Göyçay Rayon Prokurorluğuna çağırılıb.
Belə ki, Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovun prokurorluqda ifadəsi alınıb.
O, prokurorluğa çağırıldığını təsdiqləyib:
“Hamını dəvət ediblər. Eləcə də mən çağırılmışam. Müəyyən suallar olub, cavab verib gəlmişik. Hazırda öz işimin başındayam”, – deyə o qeyd edib.
Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də vəzifəsindən azad edilib. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu. (oxu.az)