Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.
Fondun məlumatına əsasən, bu ilin fevral ayında bankların dollara tələbi 371,2 milyon ABŞ dolları həcmində olub.
Əvvəlki ayla (yanvar) müqayisədə ABŞ dollarına tələb 2 dəfəyə qədər, 2021-ci fevral ayı ilə müqayisədə isə 15,1 faiz azalıb.
Ümumilikdə isə 2022-ci ilin yanvar-fevral ayları ərzində 1 milyard 98,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu vəsait 2021-ci ilin eyni dövrü ilə müqayisədə 16 milyon ABŞ dolları qədər və ya 1,5 faiz çoxdur.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, 2021-ci ilin fevral ayı ərzində isə 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.