Azadsöz.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində Nizami Gəncəvinin Sankt-Peterburqda rus dilində nəşr edilmiş seçilmiş əsərlərinin təqdimat mərasimi keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, dahi şairin 880 illik yubileyi münasibətilə “Həqiqət” adı altında çap olunan kitabın tərtibçiləri sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova və Sevda Məmmədova, məsul redaktorları Şəfəq Hacıyeva, Natəvan Fərzəliyeva və Fidan Ağayeva, naşiri Feyzi Ağayevdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” poeması və müxtəlif şeirləri, qəzəlləri verilib.
Çıxış edənlər Azərbaycan ədəbiyyatının və Nizami Gəncəvinin Rusiyada və post-sovet ölkələrində təbliği baxımından dahi şairin seçilmiş əsərlərinin rus dilində nəşrinin əhəmiyyətindən söz açıb, bu nəcib təşəbbüsün təşkilatçıları və icraçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Feyzi Ağayev bundan əvvəl İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin əsərlərini rus dilində nəşr etdirib.