Prokurorluqdan Azadsöz.az-a verilən məlumata görə, noyabrın 30-u saat 01 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunub.
Həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirmiş, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib.
E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.