Azadsöz.az xəbər verir ki, rayonun Heydər Əliyev parkında yerləşən Bayraq Muzeyi 2017 -2018-ci illər ərzində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən muzeyin inşa olunmasına başlanılıb.Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb. Həmin ilin 9 noyabr tarixində yəni, Dövlət Bayrağı günündə sözügedən muzeyin açılışı olub. Açılış bayraq günündə olması ilə yanaşı həm də Göyçayda hər il keçirilən nar bayramına da təsadüf edib.Bu səbəbdən də bura gələn yerli qonaqlar həm də xarici ölkələrin turistləri muzey ilə yaxından tanış olub.
Göyçay Bayraq Muzeyinin ümumi sahəsi 360 kvadratmetr təşkil edir. Bina sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.
Qeyd edək ki, Göyçay Bayraq Muzeyinin baş direktoru Nicat Mahmudovdur.