“Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”.
Azadsöz.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
“ATƏT-in Minsk qrupunun həmsdərlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”, -deyə Nikol Paşinyan vurğulayıb.
Paşinyanın sözlərinə görə, İrəvan regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Azərbaycan, Ermənistan, Rusiya Baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır: “Düşünürəm ki, regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etmək lazımdır. Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasınının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq”.