14 May 2024 12:04

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Qüdrət Əzizovun ad günü qeyd edilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, iyunun 19-da İkinci Qarabağ müharibəsində  şəhid  olan Bığır kənd sakini,Qüdrət Bəhruz oğlu Əzizovun ad günü məzarı önündə və evində, rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olunub.

İlk  öncə şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Daha  sonra rayon  rəhbəri  şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Rəşadətli ordumuzun, qəhrəman oğullarımızın şücaət göstərərək, həyatları bahasına torpaqlarımızı düşməndən  azad etdiyini qeyd edib.

Mərasimdə çıxış edənlər 24 yaşı tamam olan şəhid Qüdrət Əzizovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Görüşün sonunda  şəhidin atası Bəhruz Əzizov bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə, prezident  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və  rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

Qeyd  edək ki, Qüdrət Bəhruz oğlu Əzizov 19 iyun 1997-ci ildə Göyçayın Bığır  kəndində anadan olub.Orta  təhsilini kənd orta məktəbində alıb.2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olub.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində  gedən döyüşlərdə  şücaət göstərib. Noyabrın 9-da Şuşa uğrunda  gedən  döyüşlərdə  şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı  ilə təltif edilib.