Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində cari ilin 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin Mətbuat Mərkəzindən Azadsöz.az-a bildirilib ki, iyunun 14-ü saat 03:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb. Ağstafa rayon sakini, 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb.
Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini, 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.
Eyni tarixdə saat 05:55 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Hadisə baş verən əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta – 11500 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı İran İslam Respublikası tərəfi dərhal məlumatlandırılıb, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilən sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.