Azadsöz.az xəbər verir ki, aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb.
Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli BMT Baş katibinin müavini.
İlk növbədə, məni BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etmək üçün dəvət etdiyinizə görə təşəkkür edirəm. Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir.
COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.
Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.
Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.
Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.
Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.
Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.
Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.
İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.
Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm.
Bu yaxınlarda mən növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir.
Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm.
Diqqətinizə görə sağ olun.