Azadsöz.az xəbər verir ki, 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Qasımov Teymur Mikayıl oğlunun xatirəsi 5 apreldə rayonun Çaxırlı kəndində anılıb.Teymur Qasımovun ildönümü münasibətilə Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, kənd sakinləri və şəhidin ailə üzvləri Çaxırlı kənd qəbiristanlığına gedərək şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Teymur Qasımovun xatirəsinin göyçaylıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını vurğulayıbdır.
Şəhidin atası Mikayıl Qasımov oğlu ilə qürur duyduğunu bildirərək şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb. Mikayıl Qasımov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək, Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən, Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib.