Azadsöz.az xəbər verir ki, bu gün görkəmli teatr və kino aktyoru,qiraət ustası Səməndər Rzayevin ildönümüdür.Azərbaycan SSRİ əməkdar artisti, Azərbaycan SSRİ dövlət mükafatı laureatı Səməndər Mənsim oğlu Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub.
Səməndər Rzayev Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olub.1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olubdur.1968-ci ildə institutun son kursunda oxuyarkən baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına qəbul edilən S.Rzayevin ilk rolu “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub.
Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Fazil Küleyni (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), İkinci Rəşad, Əmir (“İkinci səs”, “Fərhad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir) və digər yaddaqalan obrazlar yaradıbdır.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə” (1977), “Babamızın babasının babası” (1981), “Ad günü” (film, 1977), “Babək” (1979), “Bağ mövsümü” (1985), “Bəyin oğurlanması” (1985), “Çarvadarların izi ilə” (1974), “Evlənmək istəyirəm” (1983), “Evləri köndələn yar” (1982), “Qatır Məmməd” (1974), “Qərib cinlər diyarında” (1977), “Qız qalası əfsanəsi” (1978), “Qızıl qaz” (1972), “Nəsimi” (1973), “Nizami” (1982), “O qızı tapın” (1970), “Od içində” (1978), “Ömrün ilk saatı” (1973), “Ömrün səhifələri” (1974), “Sarıköynəklə Valehin nağılı” (1980), “Tütək səsi” (1975), “Uşaqlığın son gecəsi” (1968) və digər filmlərdə çəkilibdir.
Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.