Zəfər tariximizin qürurverici hadisələrindən olan Qubadlı zəfəri Azərbaycan tarixində ən şərəfli səhifə olaraq qalacaqdır.
Azərbaycanın səfalı, dilbər guşələrindən olan Qubadlı rayonunun erməni işğalından azad olunmasından 4 il ötür. Düz 4 il öncə 25 oktyabr 2020-ci il tarixində müzəffər Silahlı Qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev özünün Tvitter hesabından elan etdi. O həyacanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, xalqa müraciətlər ən yeni dövr tariximizin unudulmaz parlaq səhifələridir. Həmin tarixi günlərin əbədiləşdirilməsinə xidmət edən mühüm sərəncamlardan biri də işğaldan azad olunmuş ərazilərin Şəhər Günlərinin təsis edilməsi ilə bağlıdır. Belə ki, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi elan edilmişdir ki, bu isə bir daha rəşadətli ordumuzun qəhrəmanlığını, şücaətini özündə əks etdirən mühüm əlamətdar günlərdəndir.
44 günlük İkinci Qarabağ müharibəsində hər günü tariximizə Qələbə günü kimi yazan Silahlı Qüvvələrimiz Vətən sevgisinin Qələbə əzmində nə qədər əhəmiyyətli rol oynadığını nümayiş etdirdi. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Zəfər yürüşü zamanı addım-addım irəli getdi, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 44 gündə elə bir gün olmadı ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza hansısa şəhərin, kəndin, strateji yüksəkliyin azad edilməsi müjdəsini çatdırmasın. Vətən müharibəsinin 29-cu günündə, 25 oktyabr 2020-ci il tarixində növbəti qələbə müjdəsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Həmin tarixi gün eyni zamanda İkinci Qarabağ müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə də, eyni zamanda Ermənistanın hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı və fədakarlığı bundan əvvəlki döyüşlərdə olduğu kimi yüksək vətənpərvərliklə nümayiş etdirdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri azad edildi və strateji yüksəkliklər azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri beləliklə oktyabrın 25-də Qubadlını işğaldan azad etdilər. Aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi. Qubadlı şəhərinin işğaldan azad edilməsi eyni zamanda böyük qələbəni yaxınlaşdırdı. 2020-ci il 23 dekabr tarixində isə prezident İlham Əliyevin Qubadlıda şanlı Bayrağımızı ucaltması mühüm tarixi hadisə olaraq yaddaşlara həkk olundu.
Dövlətimizin başçısı 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu reallığı böyük qürur hissi ilə qeyd etdi ki, biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və Noyabrın 8-də Şuşada Zəfər Bayrağını ucaltdıq.
Artıq o günlərdən bizi 4 illik zaman ayırır. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin, liderinin qətiyyətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Böyük Qələbəmizdən 3 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.
Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən kəndləri yenidən qurulur. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktik işlər aparılır, yeni infrastruktur layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin bu müddət ərzində rayona etdiyi 4 səfərin hər biri mühüm addımların atılması ilə yadda qalıb. Belə ki, 2020-ci ilin 23 dekabr tarixində ilk səfəri Qubadlıda Azərbaycan Bayrağının ucaldılması ilə tariximizə yazıldı. Cənab prezidentin növbəti 3 səfərində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi. “Qubadlı” yarımstansiyasının, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı, “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu. Bütün bu həyata keçirilən layihələr Qubadlının 2050-ci ilə qədərki, inkişaf dinamikasını nəzərə alır.
Bu gün işğaldan azad olunan digər rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Əzəli və əbədi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Burada həyata keçirilən tədbirlər isə xalqımızın bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətimizin potensialını, iqtisadi gücünü təcəssüm etdirir.
Azadsöz.az