Azadsöz.az xəbər verir ki, Göyçaylı şair Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü Qalib Nuri Arifin “44 günlük Vətən müharibəsində əbədiyaşar Göyçay şəhidləri” kitabının təqdimatı keçirilib.
Göyçay rayon icra hakimiyyətinin inzibati binasının akt zalında təşkil edilən tədbirdə şəhid ailərinin üzvləri ilə bərabər Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvləri Adilə Nəzər, Yusif Nəğməkar, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Respublikanın əməkdar müəllimi, şair-publisist, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov “44 günlük Vətən müharibəsində əbədiyaşar Göyçay şəhidləri” kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş göyçaylılardan bəhs edilib.
Həmçinin qeyd edilib ki, 44 günlük Zəfər tarixindən danışaraq bu qələbənin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi, qələbəyə olan sonsuz inamı və rəşadətli ordumuzun şücaəti, igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində qazanılıb.
Təqdimatda çıxış edən Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvləri Adilə Nəzər, Yusif Nəğməkar, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşı Gülarə Bədirova kitabının müəllifinin şəhidlərin yarımçıq qalan arzularını dilə gətirməklə şəhid ailələrinin acısına məlhəm olmağa çalışdığını bildiriblər.
Şəhid valideynləri Əminə Xəlilova, Akif Kərimov və Hüseyn Hüseynov kitabın müəllifinə təşəkkürlərini bildirərək, yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbir rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Şair Qalib Nuri Arif təqdimatda iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.