Bu gün sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunması uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramın bariz nümunəsidir.
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, milli ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İknci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi. 200 ildən çox davam edən erməni düşmənçilik siyasətinə qarşı Azərbaycan tarixin bütün dövrlərində torpaqlarının işğalı ilə barışmayacağını göstərmişdir.
30 ilə yaxın davam edən işğal dövrü ərzində də Ermənistan mənfur siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar göstərmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Və növbəti dəfə 2020-ci ilin 27 sentyabr tarixindən Ermənistan tərəfindən hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmə əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.
Vətən müharibəsində və ötən ilki antiterror əməliyyatlarında qazandığımız misilsiz şanlı Qələbəmiz sayəsində haqq-ədalət bərpa olunmuşdur. 30 ilin həsrətindən sonra keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarında yaşayıb-yaradır. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıtmışdır.
Sözsüz ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Cənab prezidentin müvafiq sərəncamında deyildiyi kimi xalqımız və dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcudur.
Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq.
Azadsöz.az