Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.
“Oskad” şirkətinin İdarə Heyətinin sədri Oğuz Kadıoğlu dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, “City Hotel” Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub. Hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq vardır. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldəki restoran və barlar qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır.
Diqqətə çatdırıldı ki, hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcuddur. “City Hotel”də qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.