2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatları Azərbaycanın öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyan mühüm hadisədir. Bu əməliyyatlar bir neçə il ərzində Ermənistan tərəfindən törədilən təxribatların, qanunsuz silahlanmaların, mina partlayışlarının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanın mübarizəsi həm hüquqi, həm də beynəlxalq humanitar qanunlara uyğun olaraq aparılmış və milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyırdı. Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi Ermənistanın rüsvayçı kapituliyasiyası və rəzil məğlubiyyəti ilə nəticələndi. Müharibə zamanı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Bununla yanaşı Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir. Ölkənin milli maraqlarını mükəmməl bir milli lider kimi təmin edən Müzəffər Ali Baş Komandan Azərbaycan üçün Zəfər tarixi, həmçinin qəhrəmanlıq epopeyasını yazdı, tarixdə itirlmiş torpaqları geri qaytaran ilk rəhbər şərəfi qazandı.
Məlum hadisələrdən sonra belə üç il ərzində Ermənistan Bəyanatın tələblərinə məhəl qoymadı. Ermənistanda istehsal olunan minalar və digər hərbi vasitələr qeyri-qanuni olaraq Azərbaycan ərazisinə daşınaraq basdırıldı. Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etmiş, lakin bu çağırışlar hər zaman cavabsız qalmışdır. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar davam etdirilmiş, xüsusilə sərhəd bölgələrində də Azərbaycanın suveren ərazilərində təhlükə törədilmişdir.
Azərbaycan tərəfi Ermənistanın sülhə məhəl qoymadığını və terror aktlarının davam etdiyini gördükdə qanuni addım atmağa məcbur oldu. 19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq mülki şəxslər həlak oldu.
Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycanın müasir, peşəkar ordusu bu əməliyyatlar zamanı yüksək dəqiqlikli silahlar vasitəsi ilə erməni silahlı qüvvələrinin mövqelərini və hərbi obyektlərini məhv etdi.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Antiterror əməliyyatlarının gedişində yüzlərlə tank və zirehli texnika sıradan çıxarıldı, həmçinin müasir hava hücumundan müdafiə qurğuları və radioelektron mübarizə vasitələri məhv edildi. Bu uğurlu hərbi tədbirlər nəticəsində erməni separatçıları cəmi 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldular.Uğurla həyata keçirilən bu tədbirlər sayəsində Qarabağda erməni separatizminə son qoyuldu. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz Qələbədən sonra antiterror əməliyyatları nəticəsində separatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi-siyasi qələbəsi olaraq tariximizə qürur səhifəsi kimi yazıldı.
Azərbaycan tərəfinin humanitar qaydalara uyğun olaraq mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi bu əməliyyatlar nəticəsində bölgədəki erməni əhalisinin təhlükəsizliyinə də zəmanət verildi. Azərbaycan Müdafiə Nazirliyi əməliyyatlara başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq vermişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə erməni sakinlərinə xəbərdarlıq edilməsi, səsgücləndiricilər və məlumat vərəqələrinin paylanılması mülki şəxslərin qorunmasını təmin etdi.
19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün vacib idi. Ermənistanın davamlı təxribatları və terror hücumları ölkəmizi belə bir əməliyyat keçirməyə məcbur etdi. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etdi və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün vacib addımlar atdı. Bu beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı regionun lider dövləti olduğunu və ölkəmizin qətiyyətli mövqeyini sübut etdi.
Azadsöz.az