Azadsöz.az xəbər verir ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı paytaxtın bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında deyilir.
Qeyd olunub ki, COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.
Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.