Azadsöz.az xəbər verir ki, mənzil elan saytlarında yerləşdirilən elanlarda spekulativ addımlar çox müşahidə olunur.
Bunu əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, saytlarla bağlı çox nikbin danışmağa gərək yoxdur.
“Misal üçün, 2 otaqlı “Leninqrad” layihəli mənzil sahəsi 48 kvadratdır. Amma saytda yerləşdirəndə 60 kvadrat metr yazırlar. Eyni qayda yeni tikililərə də aiddir. Təklif edilən evlərin bir çoxu 2 otaqdan, hətta 1 otaqdan 3 otağa düzəldilmiş və funksionallığını itirmiş evlərdir.
Tutaq ki, “Leninqrad”, “Kiyev” layihəli 3 otaqlı evlərin sahəsi təqribən 62-65 kvadrat metrdir. Bunu düşünərək insanlar fikirlərşir ki, əgər yeni tikilidə 65 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili varsa onu 3 otağa çevirmək olar. Bu halda isə həmin evdə funksionallıq itir. Ona görə ki, tikinti prosesi zamanı layihələndirilərkən o evə otaq sayı kimi bir və ya 2 otaq nəzərdə tutulub, pəncərə sayı məhduddur və 3 otağa çevirən zaman bir otağa pəncərə qoymaq olmur. Bu cür digər məsələlər ortaya çıxır və mənzil funksionallığını itirir. Bu cür mənzilləri isə 3 otaqlı adı ilə saytlara yerləşdirirlər”, – deyə o əlavə edib.