Azadsöz.az xəbər verir ki, Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.
Erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.