Azadsöz.az xəbər verir ki, bu gün keçirilən növbədənkənar Parlament seçkisi zamanı Neftçala rayonu 70 saylı seçki məntəqəsində gərgin anlar yaşanıb.
Həmin rayondan namizəd Vəfa Nağıyeva və Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov arasında mübahisə yaranıb, daha sonra onlar əlbəyaxa dava ediblər.
H.Qurbanov “Facebook” profilində paylaşım edərək bildirib ki, hadisədən sonra da zorakılığa məruz qalıb:
“Oradan Tənzilə Rüstəmxanlının vəkili olaraq rayonda yerləşən 43 və 44 saylı seçki məntəqələrinə getmək istəyərkən yolda tanımadığım Rusiya nömrəsindən mənə bir nəfər zəng edərək, özünü Vəfa Nağıyevanın qardaşı kimi təqdim edərək məni ölümlə hədələdi, bundan sonra VAZ-2106 markalı 40- BE-061 dövlət nömrə nişanlı avtomobil mənim avtomobilimin qarşısını kəsərək məni zorla yerə düşürdüb, “rayonun yiyəsi bizik deyərək, yumruq, şillə və təpiklə üz və bədən nahiyələrimə vuraraq, mənə xəsarət yetirdi. Bundan sonra məni köməksiz vəziyyətdə yerdə qoyaraq, hadisə yerindən uzaqlaşdı. Polisə müraciət etdim, ekspertizaya göndərildim”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.