“Ölkəmizdə bu idman növü üzrə yaxşı potensial mövcuddur”.
Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.
O bu idman növü üzrə bu gün start götürən ölkə birinciliyi və çempionatına münasibət bildirib:
“Bu gün bizdə yetəri qədər gənclər kamandan oxatmaya maraq göstərirlər. Çempionatda iki paralimpiyaçımız da böyüklər arasında mübarizə aparacaq. İnanıram ki, yarış gərgin mübarizə şəraitində keçəcək və idmançılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər”.
Quliyev federasiyasının gələcək planlarını da açıqlayıb:
“Əsas məqsəd bu idman növünü yaşatmaq, inkişaf etdirmək, əlçatanlılığını təmin etməkdir. İdmançıların yaxşı nəticələr göstərməsi üçün şərait yaratmaq bizə çox vacibdir. Bu gün kamandan oxatmada təşkilatlanma baxımından vəziyyət bəlkə də çox yaxşı səviyyədə deyil. Amma çalışacağıq ki, yaxın müddətdə klubların sayı artsın. Yeni klublar yaradılsın. Bu gün əsas təşkilatlanma Bakıda var. Lakin gələcəkdə regionlarda da müvafiq infrastrukturun yaradılmasını nəzərdə tuturuq. Gələn il MDB ölkələri arasında çempionatı ölkəmizdə keçirəcəyik. Artıq proqrama daxil edilib ki, bu yarış Xankəndi şəhərində baş tutacaq. Azad olunmuş Qarabağımızda bu idman növünün olması simvolikdir”.
Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatı avqustun 25-dək davam edəcək.