Azadsöz.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.
Bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.
Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək:
“Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur”.
Qeyd edək ki, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev sorğusuya cavab olaraq demişdi ki, Türkiyə-Azərbaycan Universiteti Bakı Ali Neft Məktəbinin əvvəlki binasında fəaliyyətə başlayacaq:
“Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər”.