Azadsöz.az xəbər verir ki, Avqustun 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk arasında telefon danışığı baş tutub.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, dövlət başçısı pontifikə Parisdə Olimpiya Oyunlarının açılışında baş verən əxlaqsız səhnələrə diqqət çəkib.
Prezident Ərdoğan ifadə azadlığı və tolerantlıq adı altında dini-mənəvi dəyərlərə hücumların, insanların ləyaqətinin tapdalanmasının yolverilməz olduğunu vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, Parisdə baş verən əxlaqsız səhnələr xristian dünyası qədər müsəlmanların da hisslərini təhqir edib. “Bu cür hərəkətlərə qarşı birgə səsimizi ucaltmaq və vahid mövqedən çıxış etmək vacibdir”, – deyə dövlət başçısı bildirib.
Ərdoğan xatırladıb ki, Olimpiya Oyunlarının məqsədi dini dəyərlərə hücum etmək və azğın fikirləri təbliğ etmək deyil, insanları birləşdirməkdir.
O, Fransada keçirilən Olimpiada çərçivəsində dini dəyərlərə hücumları “dünyanın yuvarlandığı mənəvi böhran haqqında həyəcanverici siqnal” adlandırıb.
Roma Papası isə sülhün bərpası istiqamətində göstərdiyi səylərə və dini dəyərlərin deqradasiyasına qarşı həssaslığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.