17 Sentyabr 2024 00:06

“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır”-Səfirlik

Azadsöz.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi, həkimlərə şikayəti və məcburi müalicə kursu ilə bağlı videomüraciət yayılıb.

Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib ki, sözügedən məlumatlar saxtadır.

“Nəzərinizə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun deyil və yalan məlumatları əks etdirir.

Heç vaxt belə müsahibə olmayıb və bu videoda göstərilən hər şey əvvəldən axıra kimi bir vaxtlar “CBC Azərbaycan” telekanalına verilən müsahibə əsasında uydurulub.

Saxta videodan aydın görünür ki, P.Bülbüloğlunun ekrandakı çıxışı görüntü ilə üst-üstə düşmür.

Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq.

Göstərilən saxta və yalan videomesajla bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək.

Xüsusilə təəssüf hissi ilə qeyd edirik ki, Facebook sosial şəbəkəsi dəfələrlə edilən müraciətlərə baxmayaraq, şikayətlərə heç bir şəkildə cavab vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür”, – səfirlikdən bildirilib.